insanhaqlari.az

44 günə fəth olunan “Zəfər Zirvəsi”

05-11-2024 Baxılıb: 16

 

     Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və «Böyük Ermənistan» planı fiaskoya uğradı. Keçmiş «Dağlıq Qarabağ»ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları darmadağın oldu. Vətən Müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da genişləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Amma məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi.  Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi. 
     Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir. Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Azərbaycanın quruculuq missiyası başlanır. 
     44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri - ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında səsləndi. Eyni zamanda, Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Şuşa Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra önəmli mesajlarımızı çatdırdı. 
     Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulur. 8 noyabr isə bütün hallarda ən yeni tariximizin başlanğıc məqamı, xalqın içindəki  susmayan nidanın, kükrəyən coşğunun ünvanı olaraq qalır və bu, hər zaman belə olaraq qalacaq. Bu müqəddəs Zəfəri bizə qazandıran hekayə qəhrəmanlarına - müqəddəs şəhid ruhlarına və igid qazilərimizə isə bir ömür təşəkkür borcumuz var!


    Amil Cavadov,
    Salyan rayonu, Vətən müharibəsi əlili






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031