Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq
Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açılacaq sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə dahi sənətkarın Azərbaycan təbiətini, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40-dan çox rəngkarlıq tablosu, eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş olunacaq.
Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.