insanhaqlari.az

“Böyük Qayıdış” və Zəngilan rayonunun yeni inkişaf dövrü

18-10-2024 Baxılıb: 17

  

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmişdir.

     Döyüşlər çox ağır keçmiş və əsgər və zabitlərimizin bir hissəsi burada şəhidlik zirvəsinə ucalmışdır. Noyabrın 26-da Prezidentin fərmanı ilə “Zəngilanın azad edilməsinə görə” medalı təsis edilmiş, Zəngilan uğrunda döyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edilmişdir. Dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olmuş, bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər.

     Zəngilanın azad edilməsinin çox böyük strateji əhəmiyyəti var. Birinci növbədə bu rayonun azad edilməsi ilə İranla olan bütün sərhəd xətti Azərbaycanın nəzarətinə keçdi, ermənilər tərəfindən illərlə həyata keçirilən qaçaqmalçılığa və müxtəlif qanunsuz hərəkətlərə son qoyuldu.

     Zəngilan azad edildikdən sonra beynəlxalq ictimaiyyət burada törədilmiş ekoloji cinayətlərlə, şəhər və kəndlərimizin yer üzündən silinib xarabalığa çevrilməsi ilə, tarixi abidələrimizin planlı şəkildə məhv edilməsi ilə əyani şəkildə tanış olmuşlar. Bütün beynəlxalq ictimaiyyət bir daha əmin olmuşdur ki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın apardığı müharibə azadlıq müharibəsidir.

     Cənab Prezident Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etmişdir ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir, çünki burada salamat qalmış, dağıdılmamış bir ərazi yoxdur. Yeni infrastruktur qurulmalı, kəndləri bir-biri ilə, Zəngilanı başqa rayonlarla birləşdirən yollar salınmalıdır. Rayondakı tarixi abidələrin bərpası da böyük əhəmiyyət kəsb edir. Bu abidələr bizim tariximizdir, bu torpaqların əzəli torpaqlarımız olduğunu sübut edən tarixi dəlillərdir. Möhtərəm Prezident bildirmişdir ki, bu işlər tezliklə başlanacaq, bu işlərin aparılması üçün hazırlanan layihələr demək olar ki,hazırdır. Əhəmiyyətli cəhətlərdən biri də odur ki, bərpa işlərində xarici şirkətlər ,birinci növbədə Türkiyə şirkətləri yaxından iştirak edəcəkdir. Bu isə azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir.

     Zəngilana “Böyük Qayıdış” proqramı artıq Zəngilan azad edildikdən az sonra həyata keçirilməyə başlandı. Bu proqrama ilk öncə Ağalı kəndində 200 evin tikilməsi və bu evlərə zəngilanlıların köçürülməsi, rayonda yeni infrastruktur layihələrinin həyata keçirilməsi, ”Asan” və “Dost” xidmətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi, kiçik və orta biznesin inkişafı üçün şərait yaradılması daxildir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu vardır.

     Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev Zəngilan azad edildikdən az sonra, 23.12.2020-ci ildə rayona səfər etmiş və burada Azərbaycan bayrağını dalğalandırmışdır. 04 oktyabr 2024-cü il tarixinə kimi möhtərəm Prezidentin Zəngilana 12 tarixi səfəri olmuş və bu səfərlərin hər biri mühüm bir  hadisə ilə bağlı olmuşdur. Bu onu sübut edir ki, Zəngilan Azərbaycan üçün mühüm strateji mövqeyə malik bir rayondur.

     Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi, burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir. O cümlədən, buradakı tikinti materiallarının, zəngin meşə sahələrinin də xüsusi əhəmiyyəti var. Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhfədir. Burada heyvandarlığın inkişaf etdirilməsi üçün böyük zəmin vardır. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhfə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Onlar öz tarixi yurdlarına qayıtmaqla bu qədim azərbaycan torpağına ikinci həyat gətirəcəklər.

 

 Gülşən Nağıyeva,

 Salyan şəhəri 5 saylı ümumi orta məktəbin psixoloqu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930