insanhaqlari.az

Qələbənin Füzuli müjdəsi

17-10-2024 Baxılıb: 17

     2020-ci ilin 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 Oktyabr – Füzuli Şəhəri Günü kimi müəyyən olunub.       

     Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Hər kəsə yaxşı məlumdur ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir. Onu da qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

     Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 25 min 325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır.

     Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. Təsadüfi deyil ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Bu bölgədə yüz mindən çox mina basdırılıb.

     Hazırda Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. 2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da bu aeraportdan istifadə edirlər.

     İşğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında olduğu kimi, Füzulidə də geniş quruculuq işləri, Böyük Qayıdışa şərait yaradacaq tədbirlər sürətlə və uğurla həyata keçirilməkdədir. Füzuli şəhərinin Baş Planına əsasən, orada Qələbə parkı və Memorial parkı, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko-parkın salınması planlaşdırılıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası nəzərdə tutulur.

     Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin-2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq.

     Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır.

     Azad olunmuş Füzuli rayonu həm də tarixi və təbiət turizmi üçün geniş potensiala malikdir. Qarabağın mədəniyyət irsi, o cümlədən qədim abidələr və təbii mənzərələr turistlər üçün cəlbedici olacaq. Füzulinin strateji mövqeyi, onu Qarabağın mərkəzi hissəsi üçün bir turizm qovşağına çevirmək potensialına sahibdir.

Rəşad Tağızadə,

Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru,

Vətən müharibəsi iştirakçısı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930