Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
Oktyabrın ayının 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad olunmasının artıq 4 ili tamam oldu. Vətən müharibəsinin 21-ci günü 2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.
Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib. Hələ Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Burada daş-daş üstə belə qalmamışdı. Sanki bu yerlərdən vəhşi qəbilə keçib, hər şeyi viran qoymuşdu. Düşmən bu ərazilərdə hərbi birləşmələrini gücləndirməklə, istehkam və maneələr yaratmış, özünə müdafiə xətti qurmuşdu.
Qeyd edək ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabrın 16-da Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonuna səfər ediblər. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi Füzuli torpağında üçrəngli bayrağımızı qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Prezident cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər etmişdir.
Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Təsdiqlənmiş Baş Plana uyğun olaraq rayon yenidən qurulur. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar. İşğaldan azad olunan digər torpaqlarımız kimi, Füzuli şəhəri də ölkəmizin gözəl məkana çevriləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.
Hüseyn Kərimov
Salyan rayon Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini