Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib
Prezident İlham Əliyevin oktyabr 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Məlumdur ki, Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə malikdir və münasibətlər dinamik şəkildə inkişaf edir.
Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı gündəliyin Azərbaycanla bağlı humanitar məqamlarına toxundu və ilk növbədə Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə münasibət bildirdi: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həqiqətən də tarixi qərardır. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəvi-siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistanın revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablaşmalıdırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin fəlsəfi və politoloji xüsusiyyətlərinə sistemli baxanda onun qalıcı və yeniləyici mahiyyətini aydın görə bilərik. Xarici siyasətin bütün istiqamətlərində - Avropa, Asiya, MDB, TDT, region ölkələri istiqamətində davamlı və qalıcı uğurlar göz qabağındadır. İlham Əliyev Avropa və Uzaq Şərq, Afrika və Okeaniya istiqamətlərində nə dərəcədə uğurludursa, Türk dünyası və MDB məkanında da o dərəcədə qəbul ediləndir. Son nümunə Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu hadisənin dövlətçilik baxımından tarixi əhəmiyyətini aydın dərk etməmiz gərəkdir. Bunun üçün də hadisənin fəlsəfi və siyasi-nəzəri aspektini anlamamız lazımdır.
Prezident zirvə toplantısında COP29 haqqında da danışdı. O, bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək və biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 tədbiri zamanı imzalanacağı barədə Ermənistan tərəfinin apardığı təbliğatın reallıqla uyğun olmadığını ortaya qoydu. Beləliklə, Paşinyanın fürsətdən istifadə edib Azərbaycanla tələm-tələsik, yarımçıq sülh imzalamaq planlarının üstündən xətt çəkildi. Ermənistana və onun havadarlarına mesaj verildi ki, Azərbaycana yarımçıq sülh lazım deyil və yalnız sülh sazişinin bütün bəndləri tam razılaşdırıldıqdan sonra yekun sülh anlaşması imzalana bilər. Ancaq hər kəs, erməni lobbisi, erməni diasporu, Ermənistanın havadarları, ona reallıqdan kənar dəstək verən qüvvələr bilməlidirlər ki, bizim iradəmizə heç bir qüvvə təsir göstərə bilməz. Bu gün Azərbaycan dünya miqyasında öz çəkisi və nüfuzu olan ölkədir.
Mehrinur Nağıyeva,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə
Təhsil İdarəsinin aparıcı məsləhətçisi