Prezidentin Pakistana səfəri strateji münasibətlərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illər ərzində Azərbaycanın dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi respublikamızın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələri daha da inkişaf etmiş və genişlənmişdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək verir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşündən sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açdı. Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə Prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahə üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin cari ilin iyul ayının 11-12-də Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli perspektivdə dərinləşməsini təmin edəcək, dost, qardaş ölkələrimizin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaqdır.
Azərbaycan və Pakistan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri regional geosiyasətə də mühüm təsir göstərir. Hər iki ölkə strateji mövqelərdə yerləşir və regional təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq, ədalət, beynəlxalq hüquq Pakistanın tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.
Dövlətimizin başçısının Pakistana dövlət səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı. Səfər zamanı imzalanmış sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni səviyyəsinə çatmaq üçün zəmin yaradır. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarında da qarşılıqlı ticarətin həcminin birmənalı olaraq artırılacağını bildiriblər. Səfər zamanı enerji, infrastruktur və digər sektorlarda 2 milyard dollar məbləğində ilkin investisiyalara dair aparılan müzakirələr hər iki ölkədə iqtisadi inkişafı stimullaşdırmaq və birgə müəssisələr yaratmaq məqsədi daşıyır. Elmi və texnoloji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək, yeni iqtisadi imkanlar yaratmağı hədəfləyir. Beləliklə, Azərbaycan-Pakistan əməkdaşlığının şaxələndirilməsi ölkəmizin regional iqtisadi inteqrasiyada rolunu gücləndirir. Bu əlaqələr türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafın təşviqi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcəkdir.
Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru