Azərbaycan-Pakistan əlaqələri – strateji tərəfdaşlığa doğru
Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Çünki Azərbaycanın dar günündə həmişə onun yanındadır. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il dekabrın 12-si) ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il əvvəl qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi ikitərəfli əlaqələrin genişlənməsinə impuls verir. 1995-ci il oktyabrın 9-11-də ilk dəfə olaraq Pakistanın Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edib. 1996-cı il aprelin 9-11-də Prezident Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu. Pakistanda siyasi hakimiyyət dəyişsə də, bu iki dövlət arasında əlaqələrin yüksək səviyyədə qalmasına mane olmur. Bu, mövcud münasibətin hər iki dövlətin təməl maraqlarına uyğun olaraq davam etdiyini, onun siyasi hakimiyyətin dəyişməsnə təsir göstərmədiyini isbatlayır.
Torpaqları işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı bu demokratik İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Ovaxtkı Baş nazir İmran Xan 44 günlük qələbə münasibəti ilə təbrikində bildirmişdi ki, Pakistan xalqı bu qələbəni yüksək qiymətləndirir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb. Fond tərəfindən bu ölkədə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində “hepatit-B” virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub.
Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar. Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub. Belə görüşlərin bundan sonra davamlı xarakter daşıyacağına əminlik ifadə edilib.
İqtisadi sahədə də inkişaf üçün ciddi potensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. Prezident İlham Əliyevin əminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkin investisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir. Ümumiyyətlə, Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkəti qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri də azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı.
Məsabə Abasov,
Salyan rayon Yenikənd bələdiyyəsinin sədri