insanhaqlari.az

Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir.

07-10-2024 Baxılıb: 11

 

     Dörd  il əvvəl sentyabrın 27-dən başlanğıcını götürən qırx dörd gün əlamətdar hadisələrlə yadda qaldı. Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi. Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: “Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Silahlı Qüvvələrimizin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən, dərinliklərdən sızaraq daha strateji mövqeləri azad etdilər.                                               

    Növbəti qələbələrimizə geniş yol açan uğurlu Cəbrayıl əməliyyatı düşmən cəbhəsində ruh düşkünlüyünə səbəb oldu, əsgər və zabitlərimizə isə psixoloji üstünlük qazandırdı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün imkanlar yarandı. Həmçinin Zəngilan, ardınca Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bir sözlə, Cəbrayıl döyüşü Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şərəf tariximizə öz şanlı möhürünü vurdu.                                                                                                                                             2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri – Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Uğurlu Hadrut əməliyyatının Ermənistanda fərarilərin sayının kəskin artmasına səbəb olduğunu bildirən Ali Baş Komandan daha sonra fikrini belə davam etdirib: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi”.

     Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi. 2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. “Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ali Baş Komandan, həmçinin Azərbaycan xalqının və ordusunun Vətən müharibəsində məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruğun işğalçıların başına endiriləcəyini bəyan etmişdi. Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırladaraq, onun daim yerində olduğunu bildirib. Belə bir abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət daşıyır.

 Günel Zeynalova,

Salyan rayonu Kürqaraqaşlı kənd tam orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930