insanhaqlari.az

Cəbraylda bərpa quruculuq işləri

03-10-2024 Baxılıb: 31

Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır. Bu Qələbənin əsas əhəmiyyəti ondan ibarət idi ki,   müharibənin birinci həftəsində ilk dəfə şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də davam etdirmişdir.

Cəbrayılın azad olunması üçün Ordumuzun hazırlığı hələ 2016-cı ilin Aprel döyüşləri ilə başlanmışdı: "Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi Füzuli-Cəbrayıl maqistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayılın işğaldan azad olunması həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı. Onu da qeyd edim ki, Cəbrayıl şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.

Cəbrayılın işğaldan azad olunması ilə həm də Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin bizim üçün adi bir körpü deyil, həm də bir milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da, yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab Prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı. Təbii ki, Cəbrayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir.

Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətli bərpa quruculuq işləri həyata keçirilir: "“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. “SOCAR” və “BP” azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. “BP” şirkəti ilə Cəbrayıl rayonunda  240 MVt-lıq günəş elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.

          Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlqoyma mərasiminin keçirilməsi, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı və digər bu kimi tədbirlər onu deməyə əsas verir ki, hər birimiz tezliklə Cəbrayılda normal yaşayışın təmin olunmasının və həsrətlə öz yurd-yuvalarına qayıtmaq istəyən insanlarımızın dədə-baba ocaqlarının qayıdışının şahidi olacağıq.

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının,   Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmələri iki qardaş, müttəfiq ölkənin ədaqələrinin liderlərin şəxsi, səmimi dost  münasibətləri  əsasında daha da möhkəmləndiyini təsdiqləyir. Həmçinin iki qardaş ölkənin liderləri  Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular.  Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirildi və  əraziyə 15 baş ceyran buraxıldı.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı  yol boyunca  avtomobil körpüləri tikiləcək.Cari ildə Prezident İlham Əliyev Böyük Mərcanlı, Karxulu,Sarıcallı, Maşanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

Ölkə başçısının Cəbrayıla hər dəfə etdiyi səfərlərdə həyata keçirilən önəmli infrastruktur layihələri və yenidənqurma işlərinin miqyası dövlət tərəfindən işğaldan azad edilmiş bölgələrdə həyatın yenidən dirçəldilməsi üçün göstərilən diqqət və qayğının təzahürüdür.

 

Bəhlul Qurbanov,

Salyan rayon Kürsəngi kənd tam orta məktəbin hərbi rəhbəri,

Vətən müharibəsi iştirakçısı

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930