Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.
Prezident İlham Əliyevin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış, Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə verdiyi yüksək dəyərin daha bir təzahürüdür.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgərin abidəsinin açılışı xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.
Prezident İlham Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı. Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir.Bu abidənin açılışı eyni zamanda strateji bir məna da daşıyırdı. Prezident İlham Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirdi. Bu, xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı bir cavabdır.
Prezident İlham Əliyevin bu çıxışı, Azərbaycan xalqının keçmişi ilə fəxr etməklə yanaşı, gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimliyinin gücləndirilməsinə istiqamətlənmiş bir addımdır. Cənab Prezidentin qeyd etdiyi kimi, "gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."
Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.
Adilə Əliyeva,
Salyan rayon Uşaq İncəsənət məktəbinin direktoru