insanhaqlari.az

Azərbaycan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib.

26-09-2024 Baxılıb: 15

     2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilər azad, demokratik və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara tamamilə uyğun olması ilə milli dövlətçilik tariximizdə mühüm hadisələrdən biri kimi yadda qaldı. Sentyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib. 23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasına təşrif buyuran Prezident İlham Əliyevin dəyərli fikirlərini bölüşərək proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm hadisələrdən biri kimi yadda qalacaq. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.   

     Prezident İlham Əliyev hər zaman olduğu kimi, budəfəki çıxışında belə bir reallığı xüsusi vurğuladı ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasına stimul verir. Bu gün böyük inamla bildiririk ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında cari ilin ötən 8 ayının sosial-iqtisadi göstəriciləri əsasında hazırkı inkişafı və qarşıda dayanan hədəfləri açıqladı. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda artım yeddi faiz olub. 2018-ci ildən indiyədək dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Dövlət başçısı İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirdi. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin azad Qarabağda və Zəngəzurda qeyri-neft sektorunun inkişafına xidmət edəcək yeni istehsalat sahələri açılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsidir.

     Dövlətimizin başçısı cənab İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıda duran vəzifələri açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətlə aparılması ilə yanaşı, hərbi potensialımızın artırılmasının vacibliyini də xüsusi qeyd edib. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı əsassız təbliğatlarını getdikcə gücləndirirlər. Prezident İlham Əliyev sözügedən çıxışında diqqəti bu reallığa yönəldərək bildirdi ki, bizə qarşı ideoloji təxribatlar davam edir. Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Yaxın vaxtlarda ölkəmizin ev sahibliyi edəcəyi COP29 bir daha bu məqamların təqdimatı olacaq. Hər bir qlobal problemin həllində Azərbaycanın mövqeyinin önəmli olması dövlətimizin siyasətinin beynəlxalq səviyyədə təqdir edilməsinin nümayişidir.

     Dövlətimizin başçısı cənab İlham Əliyev bir daha bu çağırışı etdi ki, kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu olmayacaq.

    

Nübar Bayramova,

Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930