Ermənistanda odlu silahlarla törədilmiş cinayətlərin sayı artıb
Ermənistan 44 günlük müharibədən sonra çoxlu sayda odlu silah itirib. Bu məsələ bir neçə dəfə müxtəlif strukturlarda, o cümlədən Təhlükəsizlik Şurasında da müzakirə olunub. Lakin heç bir nəticə yoxdur.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında söyləyib. O, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə konkret tapşırıq verdiyini bildirib.
Paşinyan deyib: “Biz silahların, xüsusən də qeyri-qanuni silahların və sursatların axtarışı ilə bağlı metodologiyamıza yenidən baxmalıyıq. İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir. Ona görə də yeni üsullardan istifadə edirik və artıq müəyyən nəticələr var. Bu üsuldan istifadə etməklə biz qanunsuz silah-sursat aşkarlaya bilərik”.
Onun sözlərinə görə, ölkədə qanuni yolla əldə olunan silahların sayı da artıb. Xüsusilə ağır cinayətlərin neçə faizi qanuni silahlardan istifadə olunmaqla törədilib. Qanunsuz yolla əldə olunan silahlarla törədilən cinayətlərin sayı daha çoxdur.
“Ona görə də biz düşünməliyik. Bu silahlar bizə lazımdırmı? Bu silahlar yığılmalı və cinayətkarlığın artmasının qarşısı alınmalıdır”, – deyə Paşinyan vurğulayıb.