Azərbaycan – Özbəkistan münasibətlərində yeni mərhələ
Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin köklərə malik tarixi mədəni əlaqələri, etnik birliyi özünü siyasi müstəvidə də ən bariz şəkildə göstərir. Dillərin yaxınlığı, xalqlar arasında qarşılıqlı hörmətin mövcudluğu Özbəkistanla münasibətlərimizin daha da sıxlığını şərtləndirir. Azərbaycan ilə Özbəkistan arasında milli-mənəvi bağların möhkəmliyini Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər platformalar da təsdiqləyir. Son iki ildə dövlət başçısı cənab İlham Əliyevin beş, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə il yarımda dörd dəfə qarşılıqlı səfərləri siyasi baxışların kəsişməsindən, iqtisadi əməkdaşlığın güclü perspektivindən də xəbər verir. Azərbaycan liderinin avqustun 22-də dost ölkəyə növbəti dövlət səfəri bu baxımdan daha böyük əhəmiyyətə malik addımların atılması ilə nəticələnərək yaxın gələcəkdə regionun geosiyasi mənzərəsinin daha yaxşı yöndə dəyişəcəyinə əminlik yaratdı.
Prezidentin tarixi Özbəkistan səfəri çərçivəsində keçirilən Daşkənd görüşləri çoxtərəfli münasibətlərimizin bütün spektrinin ətraflı müzakirəsi, böyük iqtisadi perspektivlər vəd edən sənədlərin imzalanması ilə yadda qaldı. Bu səfər, hər şeydən əvvəl, böyük imkanlarımızın olduğu ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlıqlarımıza daha geniş qapılar açdı. Ən önəmlisi isə Azərbaycanın ortaya qoyduğu siyasi iradə sayəsində Türkiyə və Rusiyadan sonra növbəti ölkə ilə də siyasi müttəfiqlik körpüləri quruldu. Lakin Türkiyə və Rusiyadan fərqli olaraq Özbəkistanla bu müttəfiqliyə bəyanatla deyil, daha da irəli gedilərək müqavilə ilə imza atıldı.
Son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Belə ki, dövriyyənin həcmi 2019-cu ildə 81,9 milyon dollar olmuşdusa da, 2022-ci ilə qədər 183,3 milyon dollara çataraq, təxminən, 124 faiz artım göstərib. 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar-iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Yaxın gələcəkdə hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyib. Əməkdaşlığın inkişafında əsas faktor kimi, sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı, xidmət sahələri üzrə əlaqələr çıxış edir ki, bu və digər sahələrə dair Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Bu baxımdan avqustun 23-də Daşkənddə hər iki ölkənin aid təşkilatları arasında imzalanan elm, təhsil, mədəniyyət, turizm, ədliyyə, daxili işlər və digər sahələri əhatə edən saziş və protokollar arasında ən mühümlərindən biri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”dır. Bu “Yol xəritəsi” sayəsində həmin şirkətlər üçün sözügedən sahələr üzrə yeni irimiqyaslı layihələrin icrasına geniş imkanlar açılacaq.
Prezidentlərin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirildi ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır. Həmin layihələr arasında Yevlax rayonunda tekstil klasterinin, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması ilə yanaşı, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisinin də yer alması ölkəmiz üçün Böyük Qayıdış proqramının icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Daşkənd görüşündə mətbuata bəyanatı zamanı ölkə başçısı da bu məqama toxunaraq Özbəkistanın atdığı addımı qardaşlıq və dostluq rəmzi kimi dəyərləndirdi.
Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistan səfəri, Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlərdən gəlinən nəticə budur ki, bu sayədə indiyədək reallaşdırılan layihələrin nə dərəcədə önəmli olduğu isbat edilməklə yeni layihələrin icrası, qarşıdan gələn dövr ərzində iqtisadi, ticarət və sərmayə əlaqələrinin daha da güclənməsi üçün fundamental baza yaradıldı.
Natiq Mirzəyev,
Salyan rayon, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayndəsinin müavini