insanhaqlari.az

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə davam etdirilir.

27-08-2024 Baxılıb: 5

     Azərbaycanın Özbəkistan ilə səmimi münasibətləri, əsrlərə sönkənən dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərindədir. Hər iki dövlətin tarixi yaxınlığını təsdiqləyən bu və digər faktlar, münasibətlərimizin əsrlərdən bəri xalqlarımıza qalan miraslari göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

     Dövlət müstəqilliklərini əldə etdikdən sonra strateji sahədə əməkdaşlığın daha da möhkəmlənməsi üçün mövcud potensialdan, yaranan imkanlardan istifadə edən hər iki ölkə rəhbərliyinin ciddi səylərinin nəticəsində Özbəkistan artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı müzakirələrdə, danışıqlarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan xalqını Qarabağın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib və vədini yerinə yetirib.

     Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılması ilə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Son iki ildə Özbəkistana beş dəfə səfər edən Prezident İlham Əliyevin bütün görüşləri geosiyasi amil kimi mühüm əhəmiyyət daşıyır. Təkzibolunmaz faktdır ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və bölgədə davam edən müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

Prezident İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə dövlət səfəri, qardaş ölkədə keçirilən görüşlər tarixi əhəmiyyəti ilə seçilir. Mətbuata bəyanatında Özbəkistanda sosial-iqtisadi inkişaf üzrə aparılan islahatları, həyata keçirilən layihələri bərpa-quruculuq işlərinin məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. İşğaldan azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin Özbəkistanın maliyyə dəstəyi ilə tikilib istifadəyə verilməsi, Xankəndi şəhərində dost ölkənin dəstəyi ilə yüngül sənaye müəssisəsinin inşası xalqlarımız arasındakı qardaşlığın və dostluğun daha bir rəmzidir.

     44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan bərpa-quruculuq işlərini, Füzulidə, Şuşada olarkən gördüyü yenidənqurma işlərini Azərbaycan xalqının əzmi, Vətənə bağlılığı kimi dəyərləndirən, möhtəşəmliyi heyrətamiz quruculuq məsuliyyəti adlandıran Şavkat Mirzizoyev «Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq» sözləri ilə Özbəkistanın mühüm strateji tərəfdaşı və artıq həm də müttəfiqi olan Azərbaycan xalqına hər zaman qardaşlıq dəstəyi göstərəcəyini əminliklə bildirdi.

     Səfər çərçivəsində dövlətləarası ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, böyük imkanlarımızın olduğu kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələr üzrə əldə olunan razılıqlar qarşılıqlı fəaliyyətin əsas istiqaməti kimi yüksək dəyərləndirildi. Qarşıdakı ilin «Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili»” elan edilməsi təklifi dəstəkləndi. Vurğulandı ki, nəqliyyat əlaqələrinin Trans-Xəzər dəhlizi vasitəsi və birgə səylərlə davam etdirilməsi üçün regionlararası əlaqələrin potensialından maksimum istifadə olunmalıdır və olunacaq.

     Birinci xanım Mehriban Əliyevanın, qızı Leyla Əliyevanın Daşkənddə təhsil, səhiyyə müəssisələrində yaradılan şəraitlə, özbək xalqının milli ənənələrini əks etdirən nümunələrlə tanışlığı Heydər Əliyev Fondunun xeyirxahlıq, humanizm və mərhəmət duyğularının təcəssümü idi. Səfərin yekununda hər iki xalqın incəsənət ustalarının birgə iştirakı ilə təşkil edilən «Qala» konsert qardaşlıq bayramı olmaqla uğurlu nəticə kimi yaddaşlarda qaldı.

 

 

Aynur Əsgərova,

Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930