Davamlı münasibətlərin əsası
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlərlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri Rusiya ilə əlaqələr ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında davam və inkişaf edir. Bəzən arada yaranan problemlər bir qayda olaraq gərginliyə yol verilmədən, qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu, iki ölkə arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olmasının nəticəsində mümkün olur. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb.
Avqustun 18-də Azərbaycana dövlət səfərinə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşlər keçirildi. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirildi. Mərasindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Mətbuata bəyanatında Prezident cənab İlham Əliyev bildirib ki, görüş zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Ölkələrimiz tərəfindən humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Qeyd edilib ki, bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Bir sözlə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu. Rusiya liderinin Bakıya iki günlük səfəri, səfər zamanı verilən açıqlamalar hər iki dövlətin münasibətlərinin daha da dərinləşməsi istiqamətində iradənin olduğunu nümayiş etdirdi.
Sehranə Rzayeva
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim