Media: İsrail daha dörd girovun azad ediləcəyinə əmindir
İsrail rəsmiləri Fələstinin HƏMAS hərəkatının razılaşmaya əməl edərək gələn şənbə günü daha dörd əsiri azad edəcəyinə inanırlar.
“The Jerusalem Post” qəzeti bu barədə adları açıqlanmayan İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Təl-Əviv HƏMAS hərəkatından razılaşmanın ilk 42 günlük mərhələsində azad ediləcək girovların adlarının tam siyahısını və onların səhhəti ilə bağlı ətraflı məlumat verməsini gözləyir. Bir həftə əvvəl əldə olunan razılaşmaya əsasən həmin siyahı atəşkəsin yeddinci günündə qarşı tərəfə təhvil verməlidir.
Qeyd edək ki, yanvarın 15-də Qətərin paytaxtı Dohada HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs haqqında saziş imzalanıb. Sazişin 42 gün davam edəcək birinci mərhələsi 2 min fələstinli girovun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutur.
Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin verdiyi açıqlamaya görə, HƏMAS və İsrail arasında razılaşmanın ikinci mərhələsi Qəzza sektorunun bərpasını əhatə edəcək.