Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.
Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Keçirilən brifinqdə onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, reallaşdırılan layihələr, inkişaf planları barədə məlumat verilib.
Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.