Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır.
Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsi qürurvericidir. Keçirilən bu tədbirin qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaqdır. Eyni dərəcədə sevindirici haldır ki, ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələlər də müzakirə edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqda fəal rol oynadığını vurğulayıb. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.
Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Məlumdur ki, bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə ciddi önəm verir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib. Eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülür. Bir çox layihələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Prezident cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Azərbaycanda cari ildə keçrilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclası bunun bariz nümunəsidir. Hazırda dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir. Beləliklə, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.
Şahmar Sadıqov,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə