insanhaqlari.az

Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir.

26-09-2024 Baxılıb: 21

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunduqdan sonra dövlətimizin tarixində bir çox böyük əhəmiyyət daşıyan hadisələr baş vermişdir. Şübhəsiz ki, bunların arasında ən diqqətəlayiqi cari ilin fevral ayında azad edilmiş doğma torpaqlarımız da daxil olmaqla, bütöv Azərbaycan ərazisində keçirilmiş Prezident seçkiləri və bu ilin sentyabr ayında baş tutan növbədənkənar  Milli Məclis seçkiləridir. Bu  tarixlərdə keçmiş məcburi köçkünlərimiz  böyük qürur hissi ilə 30 illik həsrətlərinə son qoyaraq, azad olunmuş doğma yurdlarında öz səs vermə hüququndan yararlanmışdırlar.

23 sentyabr 2024-cü il Azərbaycan Respublikasının  dövlətçilik tarixində növbəti mühüm hadisə - VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası ilə yadda qalmışdır. Bu mühüm iclas çərçivəsində Dövlət Başçımız cənab İlham Əliyev çıxış edərək xalqımızın Zəfər tarixindən, doğma torpaqlarımızda gedən genişmıqyaslı bərpa və quruculuq işlərindən, dövlətimizin iqtisadi, siyasi, ideoloji, mədəni sahələrdəki uğurlarından, beynəlxalq aləmdə getdikcə artan nüfuzundan hərtərəfli bəhs etmişdir.

VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır. Xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu möhtərəm Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir.

Cənab Prezident çıxışında bildirib ki, VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Bu mənada, qeyd edilən situasiyada formalaşmış qanunverici orqanın iclasında dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Təbii ki, qeyd olunan situasiya tarixi proseslərin təbii axarında baş verməyib və gərgin əmək, qətiyyətli siyasi iradənin nəticəsidir.

İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin ardınca suverenliyimizin tam bərpa edilməsi bütövlükdə regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxardı və separatizmə son qoymaqla Azərbaycan dünya miqyasında tarixi presedent formalaşdırmış oldu. Bu proseslərin təməlində, heç şübhəsiz ki, möhtərəm Prezidentin parlamentin tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi çıxış edib.

Təbii ki, müstəqilliyin ilk illərində parçalanmış, siyasi antoqonizmin hökm sürdüyü bir ölkədə birliyə nail olmaq köklü konseptual yanaşma tələb edir və Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq konsepsiyası bu formata nail olunması üçün bazisə çevrilə bildi. Sonrakı dövrlərdə ölkədə ideoloji işin düzgün istiqamətdə qurulması, xüsusən gənc nəslin tərbiyəsi sahəsində dövlət siyasətinin effektiv formada həyata keçirilməsi, habelə tarixi ənənələrə əsaslanaraq ölkədə çoxmillətli və çoxkonfessiyalı mühitin davamlı şəkildə dəstəklənməsi və bu müxtəlifliyə milli sərvət kimi baxılması möhtərəm Prezidentin də parlamentin tribunasından qürurla ifadə etdiyi milli birliyə gətirib çıxardı. Azərbaycanda güclü ordu quruculuğu prosesinin təməlində dayanan əsas amillərdən biri də məhz bu birlik və möhtərəm Prezidentin insan amilini rəhbər tutan ümumbəşəri niyyətlərə sadiq qalmasıdır. Məhz bu birlik Azərbaycana imkan verdi ki, 2024-cü ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsini təmin edə bilsin. Bu isə öz növbəsində Prezidentin ifadə etdiyi kimi, Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Təsadüfi deyil ki, beynəlxalq hüququn aliliyini heçə sayan qlobal imperializmin Azərbaycana münasibətdə təcavüzkar davranışları, o cümlədən regionda sülh və sabitlik qarşısında əngəl kimi çıxış edən gedişlər məhz bu birlik - xalqın Prezidentin ətrafında sıx birləşməsi, Ulu Öndər ideyalarına sadiq qalması hesabına neytrallaşdırılır.

Dövlət başçısı Azərbaycanın özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini, xüsusilə tarixi zəfərimizdən sonra, beynəlxalq nüfuzumuzun artdığını, mövqelərimizin möhkəmləndiyini qeyd etmişdir. Təsadüfi deyil ki, 200- ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərarla COP 29 – un  Azərbaycanda keçirilməsi planlaşdırılmışdır. Bütün bu əldə olunan nailiyyətlər ölkəmizin hərtərəfli inkişafının bariz nümunəsidir və bu uğurların davam edəcəyinə bütün qəlbimizlə inanırıq.

Səlimağa Səlimli

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin direktoru, Əməkdar    müəllim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930