Marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən “BakuBus” MMC-nin rahat və təhlükəsiz “Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.
AYNA-dan verilən məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.