Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr-layihələr üzrə meneceri, müstəqil sənədli film rejissoru Afaq Yusifli Mərakeşdə həyata keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında ölkəmizi təmsil edib.
İttifaqdan bildirilib ki, Azərbaycan bu layihədə ilk dəfə təmsil olunub. Layihənin rəsmi saytına əsasən, Qlobal Mədəni Münasibətlər Proqramı (GCRP) mədəniyyət üzrə mütəxəssislərin bacarıqlarını inkişaf etdirir və onlara mədəniyyətlərarası əməkdaşlıq və qlobal şəbəkə vasitəsilə beynəlxalq mədəni əlaqələrdə iştirak etməkdə dəstək verir. 2016-cı ildə fəaliyyətə başlayan GCRP altı qitədən və müxtəlif mədəniyyət və yaradıcı sektorlar arasından 260 peşəkardan ibarət bir icma qurmağı bacarıb.
Bu layihə diqqətlə hazırlanmış yenilikçi və interaktiv təlim proqramı təklif edir. Mərakeşdə həyata keçirilən layihə mədəniyyət və yaradıcılıq sektoru və daha təhlükəsiz cəmiyyətlərin yaradılması sahəsində çalışan peşəkarları bir araya gətirib.