HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qanunvericiliyə əsasən, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan planlı yoxlamalar zamanı müəssisədə HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir.
HACCP sistemləri müəssisələrin istehsal prosesində potensial təhlükələri müəyyən etməsinə, kritik nöqtələri nəzarət altında saxlamasına və riskləri minimuma endirməsinə imkan yaradır. HACCP sistemi üzrə qiymətləndirmə xidməti bir neçə mərhələni əhatə edir:
- HACCP prinsiplərinin mövcud vəziyyətə uyğunluğunu müəyyən etmək üçün ilkin qiymətləndirmə aparılır;
- Qida məhsullarının emalındakı risklər təhlil edilirək qiymətləndirilir və risklərin idarə olunması üçün təkliflər verilir;
- HACCP sisteminin beynəlxalq və ya milli standartlara uyğunluğu ilə bağlı sənədlər və prosedurlar yoxlanılır;
- HACCP sisteminin davamlılığını təmin etmək üçün müəssisəyə dəstək göstərilir;
- Müəssisə əməkdaşları arasında yeni texnologiyalar, qaydalar və standartlarla bağlı məlumatlandırma aparılır.
Bu mərhələlər, HACCP sisteminin effektiv şəkildə qurulması və müəssisənin qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini təmin edir.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri bu proseslərin hər birində müəssisələrə dəstək göstərərək onların istehlakçılara keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim etməsinə şərait yaradır. Qiymətləndirmə xidməti vasitəsilə müəssisələr istehsal prosesində qida təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac potensiallarını artırmaq üçün yeni imkanlar əldə edir, həm daxili, həm də xarici bazarlarda rəqabət üstünlüyü qazanırlar.
Sahibkarlar İnstitutun təklif etdiyi HACCP mövzusunda qiymətləndirmə, təlim və məsləhət xidmətlərindən istifadə etmək üçün [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.