Polis Akademiyasında Bakı Apellyasiya Məhkəməsinin hakimi ilə müştərək seminar dərsi keçirilib
28 dekabr 2024-cü il tarixində DİN-in Polis Akademiyasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədov “Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi və hökmün icrası qaydasında icraat” mövzusunda seminar məşğələsində iştirak edib.
AzTurkxeber.az xəbər verir ki, seminar zamanı Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsi qaydasında prosessual və digər hərəkətlərin həyata keçirilməsinin normativ-hüquqi əsasları və hüquqi yardım göstərilməsinin ümumi şərtləri barədə kursantlara ətraflı məlumat verilib. Qarşılıqlı hüquqi yardımın həyata keçirildiyi cinayət işləri barədə, habelə bu sahədə hüququn tətbiqi təcrübəsində mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb. Qanunvericiliyin aidiyyəti maddələri təhlil olunub, onların mahiyyəti gənc hüquqşünaslara praktiki misallarla izah olunub. Bundan başqa mövzunun praktiki əhəmiyyəti geniş şəkildə müzakirə olunub, insan hüquqlarının təmin olunması ilə bağlı rolu bir daha diqqətə çatdırılıb.
Seminarın sonunda Hakim Murad Məmmədov hakimlərin icraatına verilən müvafiq indeksli işlər, apellyasiya məhkəməsinin fəaliyyəti barədə kursantları maraqlandıran sualları ətraflı cavablandırıb və gələcək peşə fəaliyyətlərində onlara uğurlar arzulayıb.