Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Əvvəlcə Azərbaycan İdman Akademiyasının məşqçilik ixtisası üzrə ingilis bölməsi haqqında məlumat verilib. Sonra XVII Yay Paralimpiya Oyunlarının hesabatı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Taekvondo Federasiyasının, eləcə də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təqdimatı dinlənilib. İdman yarışlarının canlı yayım və marketinq məsələləri haqqında məlumat verilib.
Tədbirdə, həmçinin “İdman Paytaxtı”nın təqdimatı, Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə məlumat verilib, idman federasiyalarının sosial media hesabatı müzakirə edilib, idman psixologiyası ilə bağlı layihə və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.