Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması üzrə işçi qrupunun iclası keçirilib.
AMEA-dan bildirilib ki, iclas beynəlxalq təcrübədə elmin inkişaf strategiyalarına mövcud yanaşma və tendensiyaların, işçi qrupuna təqdim olunmuş təkliflərin, o cümlədən inkişaf konsepsiyasının strukturunun müzakirəsinə həsr olunub.
“AMEA-nın 2025-2030-cu illər üçün inkişaf konsepsiyası və yol xəritəsi”nin AMEA-da 2022-ci ildən etibarən həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu sənədin akademiyanın 80 illik yubileyinə mühüm töhfə olacağını və akademiyanın gələcək fəaliyyət istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.
“Fundamental elmi ənənələrimizi, elmi məktəblərimizi qorumaqla akademiya yeniləşməlidir. Apardığımız islahatlar, eyni zamanda bizdən gördüyümüz işlərin mahiyyəti üçün maarifçilik tələb edir. Akademiyanın yeni yol xəritəsinin hazırlanmasında hər bir alimin iştirakını vacib hesab edirik və bu sənəd AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərdən daxil olan təkliflər əsasında hazırlanacaq. Daha sonra AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə çıxarılacaq”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Sonra işçi qrupunun sədri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri Sərxan Xavəri “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanmasının menecmenti, koordinasiyası və intellektual emalı” mövzusunda çıxış edib.
İşçi qrupunun sədr müavini Füzuli Qurbanov isə çıxışında müzakirə olunan mövzuya müasir elmi çağırışlar kontekstində yanaşıb. Qeyd edib ki, AMEA-nın inkişaf konsepsiyası dünya elminin çağırışları və Azərbaycanın strateji inkişaf kursu nəzərə alınmaqla formalaşdırılmalıdır. Bunun üçün konkret fəaliyyət istiqamətləri, AMEA-nın yeniləşmə kursunun əsas nəzəri-konseptual prinsipləri, real mexanizmləri, strateji hədəfləri prizmasında müəyyən edilməlidir.
Tədbirdə, həmçinin “Müasir dünya elmində və Türkiyədə ictimai və humanitar elmlərin əsas inkişaf tendensiyaları”, “Avropa, Amerika Birləşmiş Ştatları və Çində elmin inkişaf strategiyası: qarşılıqlı müqayisə”, “Körfəz. Ərəb ölkələrində 2025-2030-cu illər elm və təhsil strategiyası (Qətər dövlətinin nümunəsində)”, “Müasir şəraitdə Rusiya Federasiyasında humanitar və ictimai elmlərin inkişaf strategiyası” mövzularından çıxışlar dinlənilib və müzakirələr aparılıb.