ADA Universitetində ingilis dili müəllimlərinin konfransı keçirilir
ADA Universitetində ingilis dili müəllimlərinin konfransı keçirilir.
“Report” xəbər verir ki, konfrans zamanı 400-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün iki günlük seminar keçiriləcək.
“Dördüncü ildir ki, biz (ABŞ Səfirliyi) bu təlim proqramını dəstəkləyirik. Özünü tədrisə həsr edən zəhmətkeş müəllimlər bir çox gənc tələbələrə böyük təsir göstərir”, - ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara tədbirin açılışında bildirib.
O, Azərbaycan gənclərinə ingilis dilinin öyrədilməsinin ölkədəki səfirliyin prioritet fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2020-ci ildə virtual təlim proqramı çərçivəsində bu kurs yaradılandan indiyədək 350 azərbaycanlı ingilis dili müəllimi onu magistratura səviyyəsində uğurla bitirib.
Qeyd edək ki, tədbirdə ABŞ səfirliyi, ADA Universiteti və Şimali Karolina Dövlət Universitetinin nümayəndələri iştirak edirlər.
Konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramının kulminasiya nöqtəsidir.