Bakıda Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir.
insanhaqlari.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Ölkəmizdə 2-ci dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparacaq.
Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə ediləcək. Tədbirin ikinci paneli isə müxtəlif sənaye liderlərinin “TEDx” formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolunu vurğulayacaq.
Sonda isə “HSE Awards” təltifetmə mərasimi baş tutacaq.