Suraxanıda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
Dekabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Nurlu ömrün anları” adlı tamaşa nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fataliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin Əmircan qəsəbəsi, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutan anım tədbirində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. O qeyd edib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Sonra isə “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev olan tamaşada Ulu Öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canlandırılıb, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olunub, Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən Müharibəsinin Zəfər təntənəsi əks etdirilib.