Bakıdakı Türk Ticarət Mərkəzində Beynəlxalq Demokratlar Birliyinin (UID) iclası keçirilib.
Tədbirdə əvvəlcə “Qurani-Kərim” tilavət edilib, ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra UID haqqında videoçarx nümayiş etdirilib.
İclasda çıxış edən Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ Zəfərinin əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbə olduğunu bildirib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik”.
Türkiyənin sabiq xarici işlər nazirinin sözlərinə görə, növbəti dövrlərdə Cənubi Qafqazın əhəmiyyəti daha da artacaq. Xüsusilə Azərbaycan və Türkiyənin mərkəzdə olduğu Şərq-Qərb dəhlizinin ticarət, nəqliyyat və enerji kimi bir çox sahələrdə əhəmiyyəti artır: “Odur ki, bu bölgənin əhəmiyyəti artdıqca UID-nin bütün məsələlərdə və hər şeydən əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini gözləmək hər bir Türkiyə və Azərbaycan vətəndaşının borcudur. Qurumun bunu uğurla həyata keçirəcəyinə tam inanırıq. Can Azərbaycanın haqq işini müdafiə etmək bizim tariximizə, keçmişimizə, şəhidlərimizə, qazilərimizə borcumuzdur. UID bununla bağlı üzərinə düşəni yerinə yetirməyə davam edəcək. Digər tərəfdən, məqsədimiz Türkiyə və Azərbaycanın hüquqlarının müdafiəsində diaspor dediyimiz xaricdə yaşayan azərbaycanlılarla türkiyəlilərin arasında birliyi təmin etməkdir. Bütün dünya üzrə UID-lərin sədrlikləri, regional sədrlikləri və qərargahımız bununla bağlı ciddi səylər göstərir. Hesab edirəm ki, buradakı ofis də bu mənada mühüm rol oynamalı və rolunu daha da artırmalıdır".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı inteqrasiyanın və güc birliyinin hökm sürdüyü zəmində Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycanda yeni səyahətə çıxmasını və yeni komanda ilə işə başlamasını mühüm və tarixi addım kimi qiymətləndirib.
“Beynəlxalq aləmdə üzləşdiyimiz türk düşmənçiliyi, o cümlədən irqçilik, müsəlmanlara, məzlumlara, qurbanlara qarşı ikili standartlar və ayrı-seçkiliklə mübarizədə yer alan Türkiyənin Avropadakı bu qurumu, şübhəsiz ki, Azərbaycanın qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma, güc, töhfə olacaq. Bu baxımdan UID-nin burada təşkilatlanmasını və yeni dövrə qədəm qoymasını Azərbaycan üçün dəyərli hesab edirik”, - deyə C.Bağçı bildirib.
Tədbirdə çıxış edən UID-in Azərbaycan üzrə regional rəhbəri Könül İbrahimova, yeni regional rəhbəri Çingiz Aygör, UID rəhbəri Kənan Həsən Aslan, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya ayrı-seçkiliklə mübarizə, multikulturalizmin təşviqi, bərabər vətəndaşlıq hüquqlarının müdafiəsi və demokratik iştirakın artırılmasının Beynəlxalq Demokratlar Birliyinin əsas məqsədlərindən olduğunu qeyd ediblər. Bildirilib ki, dünya üzrə filiallarının sayı 300-ə çatan UID 2018-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb və indiyədək aktiv fəaliyyət göstərir.
UID-in yeni idarəetmə sxemi və daha geniş biznes plan və layihələri ilə Azərbaycanda fəaliyyətini davam etdirməyi planlaşdırdığı diqqətə çatdırılıb. Həmçinin Azərbaycan ilə Türkiyə arasındakı əlaqələri dəstəkləmək üçün layihələr və araşdırmalar həyata keçirəcəyi vurğulanıb.