Prezident İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”
Hər bir dövlətin, millətin, xalqın tarixində azadlığın və müstəqilliyin ifadəsi olan bayraq çox mühüm məna daşıyır və xalqın varlığını, ideologiyasını özündə əks etdirir. Hər bir xalqın tarixinin şanlı səhifələri məhz Dövlət Bayrağı ilə bəzənir. Xalqa, millətə milli qürur, mənlik, ləyaqət, güc, qüvvət, qüdrət verir. Bizim bayrağımız da bu gün sərhədlər aşdıqca, ölkələr keçdikcə və ən əsası işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında dalğalandıqca azərbaycanlıların milli simvolu kimi könülləri fəth edir, əbədiləşir. Dövlət Bayrağımız bu gün həm də Qələbə və Zəfər üfüqlərini özündə təcəssüm edir. Həm dünyada, həm də azad edilmiş torpaqlarda dalğalanan bayrağımız siyasi qələbəmizin təntənəsi kimi bütün azərbaycanlılara qürur verir və bizim xalq kimi birliyimizin, həmrəyliyimizin rəmzidir.
Milli bayraq bizim xalqımızın mədəniyyətini və tarixini özündə əks etdirən simvoldur. Biz bu gün müstəqil ölkə kimi yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Bu gün Azərbaycan cəmiyyətində milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir.
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşımızda xalq, dövlət, ordu, birlik, həmrəylik nümayiş etdirdi, üçrəngli bayraq altında birləşdi. Dövlətimizin gücünü, xalqımızın milli ruhunu, milli birliyini dünyada nümayiş etdirdi. Bu gün bayrağmız təkcə beynəlxalq təşkilatlarda, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, beynəlxalq sularda üzən gəmilərdə, beynəlxalq səviyyəli yarışlarda, mədəni tədbirlərdə deyil, həm də Qarabağda, Laçında, Kəlbəcərdə, Şuşada əzəmətlə dalğalanır. Həm də ən yüksəkdə, zirvədə dalğalanır.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Bu fikirlər bu gün bir reallıqdır. "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız bundan sonra da hər zaman yüksəklərdə dalğalanacaq. Yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Bayraq milli ləyaqət simvoludur. Onu başı üzərində daşımaq bir şərəf borcudur həm də. Bu, hər kəsə nəsib olmur. Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir.
Əli Eyvazov
Salyan rayon Şorsulu kənd tam orta məktəbin direktoru