Agentlik rəsmisi: Son zamanlar Bakıda həyata keçirilən layihələr yaşıllıqların mühafizəsinə çətinliklər yaradır
Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında “Invest M. Construction” MMC tərəfindən inşa olunan yaşayış binasının tikintisi ilə əlaqədar 200-dən çox ağac və kol götürülüb. Aparılan söküntü işləri nəticəsində ətraf mühitə 1 milyon manata yaxın ziyan dəyib.
Bu barədə iyulun 12-də Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə məlumat verilib.
Müstəqil ekspertlər və media nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə məlumat verilib ki, şirkət həmin ərazidə qalan yaşıllıqları da götürmək istəyir.
Dinləmədə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə yaşıllıqların icazəsiz götürülməsi ilə bağlı suallar ünvanlayıb, bunun ekoloji hüququn pozulması olduğunu vurğulayıblar.
“Invest M Construction” MMC-nin hüquqşünası Yavər Yavərzadə tikintinin sosial layihə çərçivəsində aparıldığını deyərək icazə verilməməsi səbəbindən işlərin dörd ildir gecikdiyini diqqətə çatdırıb. O, ünvanlanan suallara cavab olaraq bildirib ki, tikintialtı sahələr, layihəyə daxil olan köhnə həyət evləri sökülərək həyətyanı sahə olacaq və yaşıllaşdırma işləri aparılacaq: “Bizə ayrılan sahənin 26 faizə yaxını yaşıllaşdırma, 30 faizi yalnız tikinti işləri aparılacaq ərazidir. Ağaclarla bağlı yaranan problem ikimərtəbəli parkinq yerlərinin olması ilə bağlıdır. Həyətyanı sahənin altı da parkinq olduğuna görə ağacların köçürülməsi məcburiyyəti yaranıb. Kəsilən ağacların kompensasiyası ödənilib, həmçinin onların yerində yaşıllaşdırma işləri aparılacaq. Bir ağacın yerinə 5-10 ağac əkməyə hazırıq, bizə bununla bağlı yer ayrılsın. Sakinlər bizdən ağacları deyil, mənzillərini tələb edirlər”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, layihələr həyata keçirilərkən ağacların kəsilməsi ilə bağlı nazirliyə verilən sualları rəhbərlik etdiyi qurum cavablandırır: “Biz sualı ünvanlayan media mənsublarına, ya da şikayət edən vətəndaşlara deyə bilmirik ki, hansısa vətəndaş ev növbəsi gözləyir, kəsilən ağacın kompensasiyası ödənilib. Bakı şəhərində on minlərlə ağac var və onların hər birinin yanında növbə çəkə bilmərik. Təəssüf ki, şirkətlər təqdim etdiyi layihə ilə bağlı icazə ala bilməyəndə özbaşına ağacı kəsir, buna görə ziyanı ödəyir, nəticədə dövlət qurumu ona icazə verir. Ya da şirkət özbaşına ağacı kəsir və dövlət qurumu ona layihəsini həyata keçirməyə icazə vermir. Bu məsələdə cəmiyyət iki mövqedən birini müdafiə etməlidir. Cəmiyyətin yekdil rəyi olmalıdır. Ya cəmiyyət ağacların ehtiyac olanda kəsilməsinə razılaşmalıdır, yəni dəyən ziyanın kompensasiyası ödənilir, həmin yerdə bina tikilir, inkişaf gedir. Ya da konservativ mövqedən hər kəsin yekdil rəyi olmalıdır, yəni ağacların götürülməsinə və həmin ərazidə hansısa tikinti işlərinin aparılmasına icazə verilməməlidir. Bu məsələdə mütləq mövqe ortaya qoyulmalıdır”.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov son zamanlar xüsusilə Bakıda həyata keçirilən layihələrin yaşıllıqların mühafizəsinə çətinliklər yaratdığını təəssüflə qeyd edib: “Biz həm dövlət qurumlarının, həm də şirkətlərin təqdim etdiyi layihələrdə mövcud ağaclara toxunulmadan, ekoloji mahiyyət kəsb edən məsələlərə diqqət yetirilməsinin tərəfdarıyıq. Həmin şirkətlərin öhdəlikləri var ki, layihə çərçivəsində müəyyən yaşıllıq salınmasını, becərilməsini təmin etsin. Həmin ağacların mövcud landşaft elementi kimi saxlanılması və onların ətrafında daha geniş spektrdə, müxtəlif növ ağacların əkilməsinin təmin edilməsi daha ürəkaçan olardı. Bizim məqsədimiz məhz bundan ibarətdir. Şəhər inkişaf edir, quruculuq işləri davam etməlidir, ancaq bu, birtərəfli olmamalıdır. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin layihələri qiymətləndirərkən müəyyən tələblər qoyursa, həmin şirkətlər ekoloji normativlərə, ekoloji qanunvericiliyə cavab verən formatda işlərini qurmalıdırlar. Belə yanaşma davam edərsə, həm mövcud yaşıllıqlar qorunar, həm də respublikamızda yaşıllıqla əhatə olunan ərazilərin sahəsi artar”.
Müzakirənin sonunda şirkətin tədbirlər planı hazırlayaraq təqdim etməsi barədə razılığa gəlinib.
İctimai dinləmədə, həmçinin Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni parkın salınması və yeraltı keçidlə Dədə Qorqud parkı ilə birləşdirilməsi layihəsi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq “Koroğlu” metrostansiyasına gedən yeni avtomobil yolunun, “Keşlə” bazarının yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların və Heydər Əliyev prospekti, 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş hissəsinə düşən yaşıllıqların köçürülməsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmənin sonunda layihə təqdim edən qurumların nümayəndələrinə öz layihələrində ətraf mühitin mühafizəsini, yaşıllıqların qorunmasını təşviq etmək məqsədilə və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə ağac tingləri hədiyyə edilib.