Bakıda COP29 çərçivəsində “Sənaye 4.0 texnologiyaları və iqlim dəyişiklikləri” mövzusunda “4SİM Talks” tədbiri keçirilib.
COP29-un qonaqlarının iştirakı ilə keçirilən tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə 4-cü sənaye texnologiyalarının rolu müzakirə olunub.
Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində “Sənaye 4.0 texnologiyaları və iqlim dəyişiklikləri” mövzusunda keçirilib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti və “4SİM Talks” təşəbbüsü barədə məlumat verib. Qeyd olunub ki, bu təşəbbüs dövlət, özəl sektor, eləcə də elm-təhsil müəssisələrinin süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü sənaye inqilabı texnologiyaları, onların tətbiqi sahələri, üstünlükləri, uğurlu həllər haqqında məlumatlandırmaq məqsədilə həyata keçirilir.
Beynəlxalq ekspertlər “Plug and Play” Texnologiya Mərkəzinin enerji və davamlılıq rəhbəri Vade Bitaraf, “BrainboxAI” şirkətinin baş direktoru Sam Ramadori və “Google” şirkətinin Mərkəzi Asiya, Qafqaz, inkişaf etməkdə olan bazarlar, hökumətlə əlaqələr və dövlət siyasəti şöbəsinin rəhbəri Olqa Skoroxodova müvafiq olaraq “Enerji sahəsində fəaliyyət göstərən startaplar”, “Enerji sərfiyyatının optimallaşdırılmasında Süni intellekt” və “İqlimdə rəqəmsallaşmanın rolu” mövzularında təqdimatla çıxış ediblər.
Olqa Skoroxodova bildirib ki, biz bu yaxınlarda COP29-a hazırlıq çərçivəsində “Google”, Mərkəzi Asiya və Qafqaz regionlarından yerli developerlərə təlim keçmək məqsədi daşıyan “Build with AI for Sustainability” proqramını yekunlaşdırmışıq. Proqramın final mərhələsinə 7 ölkədən 21 komandaya 50-dən çox vörkşop təşkil olunub.
Olqa Skoroxodova “Google” şirkətinin bu istiqamətdə işini davam etdirəcəyini diqqətə çatdırıb.
“Plug and Play” Texnologiya Mərkəzinin enerji və davamlılıq rəhbəri Vade Bitaraf ölkəmizdə startap ekosisteminin inkişafı üçün bir çox fürsətlərin mövcud olduğunu deyib.
“Neft-qaz şirkətlərindən tutmuş kommunal xidmətlərə qədər enerji şirkətlərinin böyük problemi var. Onların bizneslərini daha təmiz və səmərəli idarə etmək, həmçinin infrastrukturlarına təzyiq göstərən daşqınlar, meşə yanğınları və həddindən artıq istilərin artması ilə mübarizə aparmaq üçün daha çox və daha yaxşı məlumat lazımdır. Lakin onlar ümumiyyətlə rəqəmsal texnologiyalar və ya innovasiyaları mənimsəyən ən sürətli oyunçular deyillər. Bu problem, Silikon Vadisində əsaslanan “Plug and Play” sürətləndiricisindəki enerji proqramı üçün bir fürsətdir”, - deyə Vade Bitaraf qeyd edib.
Enerji sərfiyyatının optimallaşdırılmasında süni intellektin danılmaz rolu barədə danışan Sam Ramadori, diqqətə çatdırıb ki, süni intellektə verilən tapşırıqların çətinliyi artdıqca, onun enerji sərfiyyatı da çoxalır. “Süni intellekt (AI) güclü transformasiya qüvvəsidir. Bunu oxuduqca, sənayeləri, iqtisadiyyatları və cəmiyyətləri və hətta iqlimimizin gələcəyini görünməmiş bir sürətlə yenidən formalaşdırmaq çox çətindir”, - deyə S.Ramadori bildirib.
Sonda beynəlxalq ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.