İqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacının 2,4 trilyon dollar olduğu təxmin edilir. Bu vəsaitin ən azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin edilməlidir.
Bu fikirləri Böyük Britaniya Qreşem Kollecinin professoru Avinaş Persaud COP29 çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, bu məbləğin əsas hissəsi dövlət maliyyəsi və çoxtərəfli inkişaf banklarının güzəştli kreditləri vasitəsilə təmin olunmalıdır. “Əgər COP29-da ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qəbul edilməzsə, milli səviyyədə müəyyən edilmiş öhdəliklər də kifayət qədər ambisiyalı olmayacaq və bu, ümumi sistemin pozulmasına gətirib çıxara bilər. Buna görə də uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələrdən dövlət maliyyəsi üzrə öhdəliklərin ən azı üç dəfə artırılması tələb olunur. Bu məqsədlə G20 ölkələrinin siyasi liderliyi və çoxtərəfli inkişaf banklarının maliyyə dəstəyi vacibdir”, - deyə professor əlavə edib.