Noyabrın 14-də Bakıda COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib.
insanhaqlari.az xəbər verir ki, tədbir iştirakçıları COP29-un müxtəlif ölkələrdən insanları iqlim dəyişiklikləri ətrafında birləşdirməkdə bir nümunə olduğunu vurğulayıblar. Azərbaycanın bundan öncə də bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran Rumıniyanın sabiq baş naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) PERMIS Baş katibi, səfir Lazar Komanesku COP29un Azərbaycanın potensialını sərgiləmək üçün yaxşı fürsət olduğunu deyib.
Lazar Komanesku bildirib ki, Qara dəniz regionunda ətraf mühitin yaxşılaşdırılması və iqlim problemlərinin effektiv idarə olunması üçün COP29-da bir çox məsələ razılaşdırılıb, bir sıra işlər reallaşdırılmaqdadır.
Komanesku əlavə edib ki, Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verir və QDİƏT-in əlaqədar təşkilatlarında fəal iştirak edir.
Lazar Komanesku bildirib ki, gələn il yanvarın 1-dən təşkilata sədrlik Azərbaycana keçəcək və gələcəkdə idarəetmənin yenilənməsi istiqamətində daha çox iş görüləcək.
“Biz Qara dəniz regionunda, xüsusən də iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli sahəsində əməkdaşlığı gücləndirmək üçün qarşıya qoyulan məqsədlər üzərində intensiv işləməyi səbirsizliklə gözləyirik", - deyə QDİƏT Baş katibi əlavə edib.
Azərbaycanın QDİƏT yanında daimi nümayəndəsi Nərminə Mustafayeva Şuranın Qara dəniz regionunda əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyəti, görülmüş işlər və gələcək planlar barədə danışıb.
Tədbirdə Qara Dəniz Ticarət və İnkişaf Bankının baş katibi Asterios Tsoukalas, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının direktoru Jesus Maestro Qarcia, avstriyalı nümayəndə Freya fon Qrote Azərbaycanın iqlim çağırışlarına qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndiriblər. Natiqlər iqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi barədə fikirlərini səsləndiriblər.