Azad Şuşaya yenidən həyat qayıdır
Xalqımızın yaddaşına və şanlı hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hər zaman Qələbə, Zəfər ili kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il 10 noyabr tarixində dövlətlər arasında Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib, Azərbaycan ərazisini tərk edəcəklər. Lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata keçirdi və beləliklə, sazişin maddələrinə riayyət etmədi. Nəticədə, Azərbaycan ərazilərini minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar, top və artilleriya qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə minalar basdırdılar.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini göstərirdi. Dəfələrlə ölkə prezidenti, Ali Baş Komandan səviyyəsində deyildiyi kimi, “bütün bu təxribatlar Azərbaycanın “Dəmir Yumruğu” ilə qarşılaşacaq, onlara güzəşt olmayacaq” kimi fikirləri reallığa çevrildi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Ikinci Qarabağ Müharibəsində olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən mövqelərin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan ordusu öz gücünü göstərərək qısa zaman ərzində uğurlar əldə etdi. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.
24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Erməni separatçı dövlətinin başçısı və dəstəkçiləri həbs edilərək Bakıya gətirildi. Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa müddətdə böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir. Cənab Prezident İlham Əliyev tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bunun nəticəsidir ki, bu gün Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə, Şüşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə və doğma Azərbaycanımızın hər guşəsində Şanlı Azərbaycan bayrağı dalğalanır.
Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.
Bu gün qürurla deyə bilirik ki, sahəsi 86.6 min kv.km olan Azərbaycan Respublikası bütöv, suveren və müstəqil dövlətdir. Müstəqil Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcəkdir.
Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı