İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 3,5 minədək şəxsin məşğulluğu təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində başlıca istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunmasıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə qurumda keçirilən növbəti kollegiya iclasında bildirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq salnaməsi yazaraq əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımız üçün əbədi iftixar mənbəyi olduğunu vurğulayıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri işəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində getdikcə geniş miqyas alır. Həmin sakinlərdən artıq 3,5 minədək şəxsin məşğulluğu təmin edilib, o cümlədən 131 şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.
Bu ilin 9 ayında ölkəmizdə 300 mindən çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu bildirilib. O cümlədən, 124 min şəxsin münasib işlə təmin edildiyi, 11,9 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradıldığı, 12,2 min işsiz şəxsin peşə hazırlığına, 155,2 min şəxsin peşəyönümlü xidmətlərə cəlb edildiyi qeyd olunub.
Özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri diqqətə çatdırılıb. Layihə çərçivəsində artıq 17,2 min şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər qurulduğu bildirilib.
İclasda dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının təlimi və inkişafı işləri diqqətə çatdırılıb. Həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə müvafiq sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi işlərindən, aparılan islahatlarla əlaqədar yeni hazırlanan normativ-hüquqi akt layihələrindən bəhs olunub.
Qeyd olunan istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.