Zəngilan mühüm nəqliyyat qovşağıdır.
Zəngilan işğaldan azad ediləndən dərhal sonra Prezident cənab İlham Əliyev düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, bu rayonda da bərpa-quruculuq layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladı. Prezident cənab İlham Əliyev hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə yerindəcə tanış olub, hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra dekabrın 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Erməni barbarlığının qurbanı olan Zəngilanda dövlətimizin başçısının rəhbərliyi ilə tikinti işləri geniş vüsət aldı, yüksək texnologiyaların tətbiqinə start verildi.
Zəngilan Azərbaycanın ən gözəl diyarlarından biridir. Təbiəti, meşələri, çayları, gölləri sarıdan çox əlverişli yerdir və müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq 2022-ci ilin may ayında burada inşa edilən 200 fərdi evə ilk sakinlər köçürülüb və daha 150 ev tikilib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biri də uzunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət Zəngilan-Horadiz avtomobil yoludur. Zəngilan rayonunun mühüm nəqliyyat qovşağı kimi rolu Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən strateji planlarla birbaşa bağlıdır. Rayonun coğrafi mövqeyi onu nəqliyyat və logistika baxımından xüsusi önəmli edir, çünki Zəngilan Ermənistan, İran və Azərbaycanın digər bölgələri ilə sərhəddə yerləşir. Bu, regionun beynəlxalq yükdaşımalarında və tranzit ticarətində mühüm əhəmiyyətə malik olmasına imkan yaradır. Sözsüz ki, burada icra olunan böyük layihələrdən biri də Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilanın gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcəyi nəzərdə tutulub.
Məlumdur ku, ən əhəmiyyətli layihələrdən biri Azərbaycan, Ermənistan və Rusiyanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanata əsasən, açılması nəzərdə tutulan Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, daha sonra Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsi yaradır. Zəngəzur dəhlizi həm də bölgədə ticarət yollarını yenidən canlandıraraq regional iqtisadiyyata böyük təsir göstərəcək. Azərbaycanın İranla sərhədinin Zəngilan rayonunda yerləşməsi də ölkəyə regional nəqliyyat xətləri üzərində mühüm strateji üstünlük verir.
Zəngilanda yeni yolların, hava limanının və dəmir yollarının inşası Azərbaycanı yalnız regionda deyil, qlobal ticarət və nəqliyyat əlaqələrində də mərkəzi bir oyunçuya çevirir. Bu infrastruktur layihələri təkcə iqtisadiyyat üçün deyil, həm də bölgədəki siyasi sabitlik və təhlükəsizlik üçün vacibdir. Regionda inşa edilən beynəlxalq hava limanı həm mülki, həm də kommersiya nəqliyyatı üçün əhəmiyyətli bir mərkəz olacaq və yüklərin sürətli daşınmasına, sərnişin axınının artmasına şərait yaradacaq.
Zəngilanın nəqliyyat qurşağı kimi əhəmiyyəti onun coğrafi mövqeyindən, tarixi şəraitindən və iqtisadi potensialından irəli gəlir. Bu rayonun yenidən qurulması və logistika mərkəzi kimi inkişafı həm Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun inkişafında əhəmiyyətli rol oynayacaq.
Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı