insanhaqlari.az

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır.

07-10-2024 Baxılıb: 14

     Bildiyimiz kimi, Cəbrayıl şəhərinin azad olunmasından artıq dörd il ötür. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri şanlı ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

     Cari ilin oktyabr ayının 4-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Prezident cənab  İlham Əliyev  sakinlər ilə görüşündə  Cəbrayıl əməliyyatının  xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdiki, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”.

     Qeyd edək ki,Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər  rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı, Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi.

      İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır.  Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç oldu. 133 ailə, ümumilikdə 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi bu gün ata-baba ocağından gəlir. Köç karvanları bir-birini əvəz edir.

     Beləliklə, həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərində gördüyü işləri heyranlıqla izləyir.

 

Rüfət Əliyev,

Salyan rayon Qızılağac kənd inzibati

ərazi dariəsi üzrə nümayəndənin müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930