Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik
30 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev abidənin açılışındakı çıxışında bir daha bildirdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.
Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir
Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı.
Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək, uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: "O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, Böyük Qayıdış Proqramı uğurla icra edilir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Zəfərlərimizin başlanğıc nöqtəsi oldu. Cənab İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr Anım Günü, qarabağın tacı Şuşanı nazad edildiyi tarix-8 noyabr Zəfər Günü kimi təsis edildi. Bu günlərdə, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabar tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı bir sənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”
Xalidə Hüseynova,
Salyan rayon Yenikənd kənd Uşaq musiqi məktəbinin direktoru